BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 20 tondan çox məhsul, o cümlədən 2 ton ət, 5 ton tərəvəz, 4,5 ton kartof, 0,3 ton ağartı, 4,5 ton meyvə, 10 min ədəd yumurta paytaxt sakinlərinin ixtiyarına verilmişdi.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkalarda Ağdaş, Salyan, Ağcabədi, Sabirabad, Qusar, Dəvəçi, Şəmkir və digər rayonlardan gətirilmiş 371 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları alıcılar tərəfindən həvəslə alınırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı, Nərimanov rayonunda Əliyar Əliyev küçəsindəki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda isə Balakən, Biləsuvar, Qazax, Ağsu, Qobustan, Samux, Daşkəsən, Quba və digər rayonların fermerləri satışa ümumilikdə 150 tondan çox ərzaq və kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bazarlıq edənlər məhsulların qiymətlərinin sərfəli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirmişlər ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 20-25 faizə qədər ucuzdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar. Ənənəvi xarakter almış yarmarkalar bazar günü də təşkil olunacaqdır.
######
