BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə təşkil olunan yarmarkalara, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 16 tondan çox məhsul, o cümlədən 1,2 ton ət, 4 ton tərəvəz, 0,3 ton ağartı, 3,5 ton meyvə gətirilmişdi. Şənbə və bazar günləri yarmarkada ümumilikdə 36,87 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları alıcıların ixtiyarına verilmişdir. Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 2 manat 40-3 manat 80 qəpiyə, bal 9-10 manata, armud 1 manata, alma 50-70, çuğundur, yerkökü 60-80, pomidor, kartof, badımcan 20-40, soğan, kələm 50, yumurtanın bir ədədi 8-10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində, Suraxanıda “Günəş” ticarət mərkəzində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında, A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında təşkil olunmuş yarmarkalarda Kürdəmir, Ağcabədi, Biləsuvar, Salyan, Xaçmaz, Şəmkir, Balakən, Samux, Daşkəsən, Quba, Qusar, Qazax, Ağsu, Goranboy və digər rayonların fermerləri satışa 430 tondan çox meyvə-tərəvəz və heyvandarlıq məhsulları çıxarmışdılar. Rayonlardan gətirilmiş təzə qarpız, pomidor, xiyar, badımcan və digər məhsullar həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirmişlər ki, şənbə və bazar günlərində yarmarkada satılan məhsulların qiyməti bazardakından 25-30 faizə qədər ucuz olmuşdur. Satışda ət-süd məmulatları, meyvə-tərəvəz, konservləşdirilmiş və bitkiçilik məhsulları vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razı qalmışlar.
İstirahət günləri təkcə Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkaya Neftçala, İmişli, Tovuz, Daşkəsən, Beyləqan, Oğuz, Tərtər və digər rayonlardan 58,8 ton kənd təsərrüfatı məhsulları, o cümlədən İmişli, Giləzi broyler fabriklərindən 20 min yumurta gətirilmişdir. Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən, məhsullarını maneəsiz satan fermerlər isə yarmarkaların təşkilindən razılıqlarını bildirmişlər.
######
