CƏMİYYƏT
Bakıda narkotik vasitənin təsiri altında 10-dan çox avtomobilə ziyan vuran sürücü həbs edilib
Bakı, 1 fevral, AZƏRTAC
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “saxla” işarəsi versə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Orxan Şahlar oğlu Zülfüqarov saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyənləşdirilib.
Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.