BAKIDA ON İKİ YENİ POLİS SAHƏ MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar daxili və xarici miqrasiya proseslərinin intensivləşməsi nəticəsində yaşayış sahələrinin böyüməsi, əhalinin artması ictimai qaydaların və ictimai təhlükəsizliyin qorunması sahəsində əlavə tədbirlərin görülməsini tələb edir. Bu məqsədlə ölkəmizin başçısı İlham Əliyev ötən il martın 12-də “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncam ölkəmizdə urbanizasiya proseslərinin intensivləşməsindən, ictimai asayişin qorunması sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin müasir tələblər səviyyəsində icrası, səmərəli təşkili və polis sahə inspektorlarının fəaliyyəti üçün lazımi şəraitin yaradılması zəruriliyindən irəli gəlmişdir. Sərəncam polis sahə məntəqələrinə müraciət etmək imkanlarının asanlaşdırılması, ərizə və şikayətlərə diqqətlə baxılıb araşdırılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi, habelə profilaktiki işlərin gücləndirilməsi üçün polis sahə inspektorlarının məsuliyyət hissinin daha da artırılmasını tələb edir. Sənəddə qeyd olunur ki, məntəqələrin sayına yenidən baxılsın, idarəçilik mexanizmi səmərəli qurulsun, sahə inspektorları vəzifələrinin icrası zamanı dövlət orqanları və bələdiyyələrlə sıx əlaqə saxlasınlar. Eyni zamanda, sərəncamda tələb edilir ki, polis sahə məntəqələrinin maddi-texniki təminatı yaxşılaşdırılsın, lazımi rabitə və başqa zəruri avadanlıqla təmin edilsin, mövcud məntəqələr təmir edilərək yenidən qurulsun.
Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis general-mayoru Yaşar Əliyev AZƏRTAC-a bildirmişdir ki, sərəncamın icrası ilə bağlı artıq bir çox işlər görülmüşdür. Ötən il Yasamal Rayon Polis İdarəsinin ərazisində 4 müasir tipli, bütün standartlara cavab verən polis sahə məntəqəsi istifadəyə verilmişdir.
Bakı şəhərində rayonların icra hakimiyyətləri və bələdiyyələri tərəfindən belə məntəqələrin tikilməsi üçün kifayət qədər yer ayrıldığını deyən rəis müavini bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubleyi münasibətilə daha 12 yeni polis sahə məntəqəsi tikilmişdir.
Onlardan altısı Xətai, dördü Nəsimi, ikisi isə Səbail rayonundadır. Yaxın vaxtlarda 24 belə yeni polis sahə məntəqəsi də istifadəyə veriləcəkdir.
General-mayor Yaşar Əliyev bildirmişdir ki, yeni polis sahə məntəqələrinin şəxsiyyəti aydınlaşdırmaq, azyaşlılarla profilaktiki söhbətlər aparmaq, vətəndaşları qəbul etmək imkanları vardır, iş otaqları müasir tələblərə cavab verən istilik, işıq, rabitə sistemləri ilə təchiz edilmişdir. Bu məsələlərin həllində rayon polis idarələrinin rəisləri, icra hakimiyyətlərinin başçıları, bələdiyyə orqanlarının rəhbərləri xüsusi rol oynamışlar. Hazırda fəaliyyətdə olan polis sahə məntəqələrinin abadlaşdırılması işləri aparılır.
Y.Əliyev xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi qayğı və diqqət nəticəsində polis sahə məntəqələrinin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər bundan sonra da uğurla həyata keçiriləcəkdir.
######
