İQTİSADİYYAT
Bakıda telekommunikasiya sahəsində tətbiq edilən tariflər müzakirə olunur YENİLƏNİB
Bakı, 29 noyabr, Elvin Camalov, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrindən olan mütəxəssislərin iştirakı ilə noyabrın 29-da Bakıda “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin müvafiq şöbələrinin, eləcə də tabeli qurumları olan “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ümumilikdə 36 nəfər nümayəndəsi iştirak edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova bildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də ölkəmiz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Nazirlik TAIEX texniki yardım aləti çərçivəsində birgə bir sıra tədbirlər həyata keçirir.
“Ölkəmizdə telekommunikasiya sahəsində tətbiq edilən tariflər üzrə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərin liberallaşdırılması istiqamətində Nazirliyin təqdim etdiyi layihə Avropa İttifaqı tərəfindən qəbul edilib. Bu seminar da həmin layihə çərçivəsində təşkil edilib”, - deyə o əlavə edib.
G.Hüseynova informasiya-kommunikasiya sektorunda həyata keçirilən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və eləcə də “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı qarşıya ambisiyalı hədəflər qoyulub.
“Bu gün ölkə əhalisinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ölkənin coğrafi yerləşmə mövqeyindən, eləcə də relyefindən asılı olaraq əksər yaşayış məntəqələrində əhaliyə poçt və telekommunikasiya xidmətlərinin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Paytaxtda və regionlarda telekommunikasiya şəbəkəsində ən son texnologiyalar tətbiq edilməkdədir. 2010-cu ildən ölkə əhalisinin 100 faizi mobil rabitə ilə təmin olunub. Eyni zamanda, sektorda həyata keçirilən liberallaşma tədbirləri nəticəsində özəl sektorun payı son 15 ildə 67 faizdən 81 faizə yüksəlib. Respublikada internet xidmətlərinin daha geniş yayılması və inkişafına dəstək məqsədilə 2000-ci ildən internet xidmətlərinin göstərilməsi üçün lisenziyalar ləğv edilib. Bundan başqa, 2016-cı ildən respublikada analoq televiziya yayımı tam dayandırılıb və 10-12 kanaldan ibarət açıq paketlə rəqəmli televiziya yayımına keçid təmin edilib ”, - deyə şöbə müdiri bildirib.
Seminarda Avropa İttifaqı ölkələrindən telekommunikasiya sahəsi üzrə ekspertlər - Latviyanın Dövlət Kommunal Xidmətləri Komissiyasının direktor müavini Andrejs Dombrovskis, Litvanın Rabitə Sahəsinin Tənzimlənməsi qurumunun direktor müavini Kristina Mikoliuniene, Finlandiyanın Rabitə Sahəsinin Tənzimlənməsi qurumunun tezliklərə nəzarət edilməsi şöbəsinin müdiri Ritva Suurnakki və İtaliyanın Rabitə Sahəsinin Tənzimlənməsi qurumunun şəbəkə və elektron rabitə şöbəsinin müdiri Giancarlo Ferraiulonun çıxışları dinlənilib.
Tədbirdə Avropa İttifaqı ölkələrində tariflərin tənzimlənməsi, qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, telekommunikasiya sahəsində xərc əsaslı tariflərin müəyyən edilməsi, sabit, mobil və pərakəndə xidmətlər üzrə tariflərin formalaşdırılması, bazarda hökmran mövqe tutan (SMP) operatorların tariflərinin tənzimlənməsi və onların öhdəlikləri, yeni nəsil texnologiyalar üzrə (4G, LTE, WIMAX, GPON və s.) tariflərin müəyyən edilməsi kimi vacib mövzularda fikir və təcrübə mübadiləsi aparılır.