MƏDƏNİYYƏT
Bakıda Yaponiyanın ənənəvi “Şam festivalı” təşkil ediləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da saat 19:30-dan 22:00-dək Nizami Gəncəvi heykəlinin qarşısında Yaponiyanın Nara prefekturasının ənənəvi mədəniyyət tədbiri olan “Şam festivalı” təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Yaponiyanın Nara prefekturasından 3 nəfər mütəxəssis dəvət olunub.
Bu layihə 1300 il bundan öncə çiçəklənən paytaxt şəhər olan Nara prefekturasında təşkil olunan “Nara şam festivalı”nın tərkib hissəsidir və geniş əraziyə malik Nara parkı boyunca 20 min yanan xüsusi şamın düzülməsi ilə həyata keçirilir. 1999-cu ildən etibarən keçirilən və 10 gün davam edən bu tədbirə adəti üzrə 90 min ziyarətçi yığışır.
Xüsusi şamların alt hissəsi gül formasında hazırlanır və hesab olunur ki, bu, xoş niyyət aşılayır. Festivala təşrif buyurmuş hər kəsin xoşbəxt olması diləyilə bu şamlar yandırılır. Bakıdakı tədbir üçün Yaponiyadan xüsusi olaraq 2100 ədəd şam gətirilib. Şamların saçdığı möhtəşəm ab-hava insanlara xoş əhval-ruhiyyə bəxş edir. Tədbir Azərbaycan və Yaponiya xalqları arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi məqsədilə təşkil edilir.
Qeyd edək ki, bu günədək bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Cənubi Koreya və digər ölkələrdə təşkil edilib.