CƏMİYYƏT
Bakıda yeni BMW X6 avtomobilinin təqdimatı keçirilib VİDEO
Bakı, 9 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı olan “Improtex Motors” şirkəti dekabrın 9-da Bakıda BMW X6 modelinin yeni nəslini avtomobil həvəskarlarına təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov təqdimat mərasimində avtomobilin xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, yeni BMW X6 zahiri görünüşü və dinamik xüsusiyyətlərinə görə öz sinfində yeni standartların təməlini qoyur. Hazırda dünyada satış həcmi 250 min ədədi ötmüş ikinci nəsil aktiv idman kupesi BMW X6 yeni dizaynı, əla texniki göstəriciləri, təmtəraqlı interyeri və innovativ texnologiyaları sayəsində rəqiblərindən öndədir. “BMW X6 Azərbaycanda ən çox satılan modellərdən biridir və əminliklə deyə bilərəm ki, yeni BMW X6 öz həvəskarlarının bütün arzularını tamamilə doğruldacaq”, - deyə H.İsmayılov qeyd edib.
Yeni BMW X6 avtomobili üçün müxtəlif fərdi işləmə paketləri təklif olunur. “Design Pure Extravagance” paketinə həm interyer, həm eksteryerdə qeyri-adi cizgilər daxildir. “M Sport” paketi isə avtomobilin dinamikliyini əks etdirir. Bundan başqa, avtomobilin satışa çıxdığı andan müştərilərə, həmçinin xüsusi təchizatlar sistemini özündə birləşdirən “BMW Individual” proqramı da təklif olunur.