Bakıda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olmuşdur VİDEO
Bakı, 30 may (AZƏRTAC, Səxavət Quliyev, Raisə Abbasova). Mayın 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Nazir idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, son vaxtlar dünyanın idman mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsi sevindirici haldır. Ölkəmizdə idman infrastrukturu təkmilləşdirilir. Beynəlxalq idman qurumları irimiqyaslı yarışların təşkilini tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Məhz bu fakt ölkəmizdə idmanın inkişafını və Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinin əyani sübutudur.
Azad Rəhimov demişdir ki, bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, maddi-texniki baza möhkəmlənir.
Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə vurğulamışdır ki, təsnifat turnirinin təşkili ölkəmizdə idmanın bu növünün inkişafına töhfə verəcəkdir. Turnirin cari ildə Çinin Nancinq şəhərində təşkil olunacaq II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığını diqqətə çatdıran Ç.Hüseynzadə iştirakçılara uğurlar arzulamışdır.
Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç yüksək təşkilatçılığa görə minnətdarlığını bildirmişdir. Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən H.Virç turniri açıq elan etmişdir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Atletikanın 18 növü üzrə keçirilən Avropa təsnifat turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparır. Bunlardan 333-ü qız, 357-si isə oğlandır. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün 108 olacaqdır.
Yarışda ölkəmizi 16 atlet - 9 oğlan, 7 qız idmançı təmsil edir.