CƏMİYYƏT
Bakıdakı yəhudi qəbiristanlığını virtual ziyarət etmək mümkün olacaq
Bakı, 22 avqust (AZƏRTAC). Bakıdakı tarixi yəhudi qəbiristanlığının abadlaşdırılması üzrə genişmiqyaslı işlərin başa çatmasından sonra Bakı dağ yəhudiləri dini icması qəbiristanlıqda yeni layihənin icrasına başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yəhudi Xəbər Agentliyi (YXA) “Qəbiristanlığı virtual ziyarət etmək mümkün olacaq” başlıqlı yazıda məlumat verir.
Bakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev YXA-ya bildirib: “Planımıza əsasən, Bakıda yəhudi qəbiristanlığındakı minlərlə qəbirüstü daşın şəkli çəkiləcək, həmin fotoşəkillər icmamızın saytında yerləşdiriləcək, internet vasitəsilə şəkillər hamı üçün əlyetərli olacaq”.
Şübhə yoxdur ki, Azərbaycandan İsrailə, Rusiyaya, ABŞ-a, Almaniyaya və digər ölkələrə gəlmiş, Bakıdakı yəhudi qəbiristanlığında doğmaları və yaxınları dəfn olunmuş çoxlu yəhudi Bakı dağ yəhudiləri dini icmasının yeni layihəsinin uğurlu icrasını böyük səbirsizliklə gözləyəcək. Axı bu və ya digər səbəbdən Azərbaycanı tərk edənlərin heç də hamısının Bakıya müntəzəm gəlmək və buradakı yəhudi qəbiristanlığında uyuyan doğmalarının, yaxınlarının xatirəsini yad etmək imkanı yoxdur.
Milix Yevdayev daha sonra qeyd edib: “Ayrı-ayrı qəbirüstü daşların və yəhudi ailələrinin üzvlərinin dəfn olunduqları qəbiristanlığın bütün sahəsinin rəqəmsal fotoşəkilləri Azərbaycandan uzaqda yaşayan hər bir yəhudiyə Bakıdakı tarixi yəhudi qəbiristanlığını virtual ziyarət etmək imkanı verəcək.
İcmanın saytında nümayiş etdirilən fotoşəkillərdə qəbirüstü daşların necə vəziyyətdə olduğunu görmək, elektron poçt vasitəsilə isə məzarlara qulluqla bağlı xahiş və arzuları çatdırmaq mümkün olacaq.
Aydındır ki, Bakı dağ yəhudiləri dini icmasının maliyyə resursları nə qədər çox olacaqsa, qəbiristanlığın abadlaşdırılması işləri o qədər tez və keyfiyyətlə yerinə yetiriləcək, daha sonra isə qəbirüstü daşların fotoçəkilişləri aparılacaq.
Bunun nəticəsində, dünyanın müxtəlif guşələrindəki yəhudilər ölkələrini tərk etmədən, tezliklə Bakıdakı tarixi yəhudi qəbiristanlığında doğmalarının, yaxınlarının dəfn olunduqları yerləri gözdən keçirə biləcəklər.”
Materialın tam mətni ilə http://aen.ru/?page=brief&article_id=71428 linkində tanış olmaq mümkündür.