“Bakıdan bölgələrə mədəni marşrut” adlı əməkdaşlıq layihəsi davam edir
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının başlatdığı “Bakıdan bölgələrə mədəni marşrut” adlı əməkdaşlıq layihəsi Gəncə ilə davam edib. Burada fəaliyyət göstərən 3 fərqli mədəniyyət müəssisəsi ilə sosial media üzərindən ictimaiyyətə açıq formada videozəng edilərək təcrübə mübadiləsi gerçəkləşdirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə paytaxtda yerləşən kitabxana Gəncə və onun mədəniyyəti haqqında hazırladığı videonu öz sosial media şəbəkələrində paylaşaraq bu şəhərin mədəniyyət ocaqlarını bir neçə gün sonra baş tutacaq canlı söhbətə dəvət edib. Bu paylaşım həm də mövzu ilə maraqlanan, izləmək istəyən şəxslər üçün bir anons mahiyyətini daşıyıb.
Çağırışı qəbul edən ilk müəssisə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) olub. MKS-nin şöbə müdiri ilə bu günlərdə gördükləri işlər barədə təcrübə mübadiləsi aparılıb, onlayn fəaliyyət təcrübəsindən, oxucular və gənc yazarlarla olan iş birliyindən danışılıb. Daha sonra Miniatür Kitab Muzeyinin Gəncə filialı videoəlaqəyə qoşulub. Muzeyin işlərindən və qiymətsiz miniatür kitabların ekspoziyasından söhbət açılıb. Sonda Gəncə Diyarşünaslıq Muzeyi ilə onlayn söhbət baş tutub. Muzey rəhbərliyi Xanlıq və Cümhuriyyət dövrünün Gəncə tarixi barədə məlumat verib.
Gəncə “mədəni marşrut”un baş çəkdiyi 4-cü “dayanacaq”dır. İndiyədək Salyan, Xızı və Şəkidən olan mədəniyyət müəssisələri ilə ictimai formada onlayn təcrübə mübadiləsi aparılıb.
Layihənin təşəbbüskarı olan M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının direktoru Aliyə Kərimova bildirib ki, “mədəni marşrut”un məqsədi Bakıdakı kitabxanalar, mədəniyyət mərkəzləri, musiqi məktəbləri ilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında körpü quraraq maddi irsimizin öyrənilməsi və ötürülməsidir. A.Kərimova layihənin yaranmasını karantin şəraitinin müsbət tərəfi kimi qiymətləndirir: “Mədəniyyət işçilərinin məhdud şəraitdə evdən həvəslə gördüyü işləri daha effektiv edə biləcəyimizi düşünərək bu təşəbbüsü irəli sürdük. Layihə karantində “doğulsa” da, böyük maraq və dəstəyin sayəsində karantindən sonra da davamlı həyata keçiriləcəyinə inanırıq. Bakıda və bölgələrdə fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrini bu təşəbbüsə qoşulmağa, mədəni estafeti bir-birinə ötürərək davam etdirməyə dəvət edirik”.