“BAKİNSKİ RABOÇİ” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI DAHİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞDUR
“Azərbaycanda bütün azadlıqlar - insan azadlığı, söz azadlığı, təşəbbüs azadlığı, din azadlığı, sahibkarlıq azadlığı təmin edilmişdir. İnsan hüquqlarını qorumaq lazımdır, müstəqil dövlət kimi Azərbaycanın ümdə vəzifəsi vətəndaşlarının hüquqlarını müdafiə etməkdir”. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin bu sözləri “Bakinski Raboçi” qəzetinin ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışına epiqraf seçilmişdir.
Qəzetin nəfis tərtib olunmuş bu nömrəsi baş redaktor Ağabəy Əsgərovun “Heydər Əliyev - müasir Azərbaycanın yaradıcısı” sərlövhəli məqaləsi ilə açılır. Məqalədə deyilir ki, dövlətlərin və xalqların tarixini öz xalqına dərin köklərlə bağlı dahi şəxsiyyətlər yaradır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müasir siyasi tarixdə parlaq iz qoymuş Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Azərbaycanın dahi liderinin müstəqil dövlət quruculuğu sahəsində titanik fəaliyyəti ilə bağlı ən yeni tariximizə qısa nəzər salan müəllif yazır ki, zamanın sınağından çıxmış, zərgər dəqiqliyi ilə yeridilən daxili və xarici siyasət, həyata keçirilən nəhəng quruculuq işləri sayəsində Azərbaycanda demokratik cəmiyyət yaradılmışdır.
“XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Ümummilli lider Heydər Əliyevin bu sözlərini məqaləsinin sərlövhəsinə çıxaran Larisa Cavanşirin fikrincə, ulu öndərin Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında əsas rol oynayan “Əsrin müqaviləsi”nə necə böyük əhəmiyyət verdiyini göstərir. Məhz Heydər Əliyevin gələcəyi görmək və yeganə düzgün qərarlar qəbul etmək bacarığı sayəsində Azərbaycan Xəzəryanı bölgədə və Qafqaz regionunda mühüm rol oynayan lider dövlətə çevrilmişdir.
Xüsusi buraxılışda Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın yeni sahələrinin yaradılması, aqrar islahatların aparılması, döyüş qabiliyyətli milli ordumuzun yaradılması, elm, incəsənət, ədəbiyyat sahələrinin dirçəldilməsi istiqamətində görülən işlərdən söhbət açılmışdır.
Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyevin memarı və yaradıcısı olduğu müstəqil, demokratik, azad Azərbaycanın vətəndaşlarıyıq. Bu fikir ulu öndərə həsr olunmuş xüsusi buraxılışın ana xəttini təşkil edir.
######
