İDMAN
“Baku Cup 2014” beynəlxalq tennis turnirində fərdi yarışların yarımfinalçıları və cütlüklərin finalçıları müəyyənləşib
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan paytaxtında qadınlar arasında tennis üzrə WTA “Baku Cup-2014” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin altıncı günündə - iyulun 25-də fərdi yarışlarda dörddəbir final mərhələsinin, cütlüklərin yarışlarında isə yarımfinal mərhələsinin oyunları keçirilib.
Yaponiyalı Misa Equçi Bakıdakı turnirin 2 nömrəli favoriti serbiyalı Boyana Yovanovski ilə qarşılaşıb. Matçın ilk setində yaponiyalı tennisçi 6:4 qalib gəlib. İkinci setdə serbiyalı tennisçi setdə dönüşü yarada bilib. Ardıcıl xallar qazanaraq üstünlüyü ələ alan serbiyalı tennisçi tay-breykə uzanan ikinci seti 7:5 qalib başa vurub. Üçüncü seti 6:3, matçı da 2:1 hesablı qələbə ilə bitirən serbiyalı tennisçi yarımfinala ilk vəsiqənin sahibi olub.
İsveçrə tennisçisi Ştefani Fogele ilə İsrail təmsilçisi Şahar Peyer arasında gərgin mübarizə isveçrəli idmançının qələbəsi ilə başa çatıb - 6:2; 2:6; 6:4. Ştefani Fogele iyulun 26-da “Baku Cup-2014” turnirinin fərdi yarışlarının yarımfinalında Serbiya təmsilçisi Boyana Yovanovski ilə qarşılaşacaq.
“Baku Cup 2013”-ün qalibi olmuş ukraynalı tennisçi Elina Svitolina dörddəbir finalda fransalı tennisçi Paulin Parmentyer ilə qarşılaşıb. Rəqibini məğlubiyyətə uğradan (6:4, 6:4) E.Svitolina yarımfinala yüksəlib.
Turnirin italiyalı tennisçi Françeska Skyavone fransalı Kristina Mladenoviçlə qarşılaşıb. İlk seti F.Skyavone 6:3 qazanaraq hesabda önə keçib. İkinci setdə üstünlüyü ələ alan Mladenoviç bu seti 6:4 qazanaraq hesabı 1:1 edib. Üçüncü setdə Françeska Skyavone güclü zərbələrlə rəqibinə heç bir şans verməyib və 6:0 qalib gəlib. F.Skyavone yarımfinalda ukraynalı Elina Svitolina ilə qarşılaşacaq.
“Baku Cup 2014” beynəlxalq tennis turnirində rusiyalı Aleksandra Panova və ingilis Xiter Uatsonun komandası Oksana Kalaşnikova (Gürcüstan) - Olqa Savçuk (Ukrayna) cütlüyü ilə qarşılaşıb. Tay-breykə qədər uzanan ilk setdə rəqiblərini çətinliklə də olsa 7:5 məğlub edən A.Panova və X.Uatson cütlüyü ikinci seti 6:2 hesabı ilə xeyirlərinə başa vurmaqla finala yüksəliblər. Bu cütlük iyulun 26-da Rluka Olaru (Rumaniya) - Şayar Peyer (İsrail) ilə Françeska Skyavone (İtaliya) - Ştefani Föqele (İsveç) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.