Balakən gəncləri yüksək vətənpərvərlik ruhu, intellektual potensialı ilə hər zaman dövlətin yanında olub
Balakən, 15 may, AZƏRTAC
Balakən Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi – sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib.
“Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhu, fiziki hazırlığı və intellektual potensialı ilə dövlətçiliyimizin əsas dayağıdır. Onlar təhsildə, gündəlik davranışda nümunəvi vətəndaş olmalı, milli kimliyimizi yaşatmalı, dövlətimizin gələcəyinə töhfə verməlidirlər”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev səsləndirib, belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Qeyd edək ki, görüşün əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Daha sonra SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə qəbul olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb.
SHXÇDX-nin Balakən rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib.
Görüşdə çıxış edən şəhid anası Gülşən Kərimova, Vətən Müharibəsi Qəhrəmanı mayor Fərid Əliyev öz təəssüratlarını bölüşüblər.
Sonda rayon mədəniyyət işçilərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Müxbir - Rasim İslamoğlu