Balakəndə indiyədək vətəndaşlara 11 min dozadan çox vaksin vurulub
Balakən, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 11 min 14 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 7 min 91 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 3 min 923 nəfərdir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Yaş qrupları üzrə indiyədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 2 min 648 doza, 50-65 yaş arasında vətəndaşlara 5 min 876 doza, 50 yaşadək vətəndaşlara isə 2 min 490 doza vaksin vurulub.