Balakəndə indiyədək vətəndaşlara 16 min dozadan çox vaksin vurulub
Balakən, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 16 min 93 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 8 min 732 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 361 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 2 min 908 doza, 50-65 yaş arasında vətəndaşlara 8 min 3 doza, 50 yaşadək vətəndaşlara isə 5 min 182 doza vaksin vurulub.