CƏMİYYƏT
Balakəndə məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti müzakirə olunub
![Balakəndə məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti müzakirə olunub](/files/2021/3/1200x630/16394810433217734333_1200x630.jpg)
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Balakən rayonunda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gültac Əfəndiyeva, rayon Təhsil Şöbəsinin əməkdaşı Sevinc İbadova, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev, müəllimlər, psixoloqlar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətdən bəhs olunub. Dini radikalizmin yaranma səbəbləri, yaratdığı fəsadlar və mübarizə yolları haqqında danışılıb. Radikal dini qrupların təbliğatına qarşı mübarizədə bütün vətəndaşların, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.