REGİONLAR
Balakəndə Milli Qəhrəman Ramazan Çirinqovun xatirəsi anılıb
Balakən, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 15-də Balakən rayon Mərkəzi kitabxanasında 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Ramazan Çirinqovun anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin nümayəndələri, ziyalılar, qəhrəmanın ailə üzvləri və kitabxananın fəal oxucuları iştirak ediblər.
Rayon Mərkəzi kitabxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Milli Qəhrəmanın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər şəhidin qəhrəmanlığından söz açıblar. Bildirilib ki, Ramazan Çirinqov 1969-cu il fevralın 15-də Balakənin Meşəşambul kəndində dünyaya göz açıb. 1986-cı ildə kənd məktəbini bitirib, 1987-1989-cu illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1989-cu ildə Balakən Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmətə başlayıb. Ramazan Çirinqov 1995-ci ildə Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində xüsusi fərqlənib və həmin il sentyabrın 3-də xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 25 dekabr tarixli Fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.