REGİONLAR
Balakənli musiqiçilərin eyvandan canlı konserti maraqla qarşılanıb
Balakən, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Balakən rayonunun musiqiçiləri sosial izolyasiya şəraitində olan sakinlərə “Qubek” otelinin eyvanından canlı konsert veriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşan konsertin təşkilində məqsəd oteldə karantinə cəlb olunmuş vətəndaşlarda və onların sağlamlığının keşiyində dayanan fədakar həkimlərdə, eləcə də ətraf binalarda yaşayan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaqdır.
Konsert zamanı Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Elman Əzimov, Talalar kənd sənətkarlıq evinin bədii rəhbəri Rasim Əliqayev və Mahamalar kənd folklor evinin bədii rəhbəri Burhan Rəşidov dinləyicilərə bəstəkar və xalq mahnılarını canlı ifalarla təqdim ediblər.
Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.