Balakənlilər “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işləri yüksək qiymətləndirirlər
Balakən, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Balakən Rayon Mədəniyyət Mərkəzində anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında uyuyan həmvətənlərin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin müqəddəs ruhu qarşısında baş əymişlər.
Tədbir iştirakçıları daha sonra Mədəniyyət Mərkəzinin foyesində balaca rəssamların Xocalı mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxmışlar. Sərgidə nümayiş etdirilən bu rəsmlərdə uşaqların mənfur düşmənə sonsuz qəzəb və nifrəti özünü aydın büruzə verirdi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 22 il əvvəl Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmış, faciə zamanı 613 soydaşımızın amansızla qətlə yetirildiyini, 487 nəfərin yaralandığını, 1275 dinc sakinin girov götürülərək işgəncələrə məruz qaldığını, 150 nəfərin itkin düşdüyünü diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir.
Toplantıda çıxış edənlər Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyev, habelə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirləri, 2009-cu ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işləri yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və soyqırımından bəhs edən “Sözün bitdiyi zaman” sənədli filmi nümayiş etdirilmişdir.