“BANK OF BAKU” BU İLİN BİRİNCİ RÜBÜNDƏ YÜKSƏK SƏMƏRƏLİLİK NÜMAYİŞ ETDİRMİŞDİR
İlin birinci rübündə “Bank of Baku”da əsas indikatorların orta bazar göstəricilərinə nisbətən artdığı müşahidə edilmişdir.
Hesabat dövründə “Bank of Baku”nun aktivləri 173,25 manat təşkil etmişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilk üç ayda artım 24 milyon manat, yaxud 16,1 faiz olmuşdur. Kredit portfeli 12,7 faiz artaraq 137,7 milyon manata çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 120 faiz və 157,6 faiz artmışdır. Bu ilin ilk iki ayında aktivlərinin həcminə görə “Bank of Baku” Azərbaycanın ən iri bankları siyahısında 10-cu yerdən 9-cu yerə qalxmış, səmərəli və ölçülüb-biçilmiş kredit siyasəti sayəsində isə kredit portfelinin həcminə görə 7-ci olmuşdur.
Birinci rübün sonu üçün bank 146,5 milyon manat vəsait cəlb etmişdir ki, bu da ötən il martın 31-nə olan göstəriciyə nisbətən 137,1 faiz, 2007-ci il dekabrın 31-nə olan göstəriciyə nisbətən isə 16,2 faiz çoxdur. Təcili depozitlərin məbləği 57,6 milyon manat təşkil etmişdir. Bu da 2007-ci ilin birinci rübünün və ötən ilin sonuna olan göstəricilərdən müvafiq olaraq 7 faiz və 31,7 faiz artıqdır. Birinci rübdə fiziki şəxslərin təcili depozitlərinin məbləği xeyli artaraq 54,7 milyon manata çatmış, ilin əvvəlinə nisbətən 12,3 milyon manat və ya 29 faiz artmışdır. Belə yüksək artıma bank əmanətçilərinin böyük etimadı, habelə səmərəli depozit kampaniyası sahəsində nail olunmuşdur. Bankın rəhbərliyi əmanətçiləri bu il də maraqlı depozit kampaniyaları ilə sevindirmək niyyətindədir.
Üç ayda “Bank of Baku”nun gəlir vergisi tutulduqdan sonra xalis mənfəəti 2,4 milyon manat təşkil etmişdir ki, bu da bütövlükdə ötən illə müqayisədə 90,3 faiz çoxdur. 2007-ci ilin birinci rübünə nisbətən isə bu göstərici 242,9 faiz artmışdır. Eyni zamanda, ümumi gəlir ötən ilin birinci rübündəkindən 130 faiz, yəni 9,08 milyon manat çox olmuş, məxaric (gəlir vergisi tutulmamışdan əvvəl) 5,94 milyon manata çatmışdır.
Yüksək gəlirlilik sayəsində ROA - vergi tutulduqdan sonra xalis mənfəət /dövr ərzində aktivlərin orta məbləği/ ötən ildəki 2,58 faizlə müqayisədə illik hesablamada 6 faizə çatmışdır. ROE - vergi tutulduqdan sonra xalis mənfəət /dövr ərzində ümumi kapitalın orta məbləği/ ötənilki 21,94 faizlə müqayisədə 46,30 faiz artmışdır.
Ödənmiş nizamnamə fondu 6,8 milyon manat səviyyəsində qalmış, ümumi kapital 21,3 milyon manatdan artıq olmuşdur.
Bank plastik kartlar vasitəsilə xidmətlərin genişləndirilməsi sahəsində fəal iş aparır. Nəticədə 2008-ci il martın sonlarına olan məlumata görə, bankın aktiv kartlarının sayı 33288-ə çatmış, onların 28933-ü kredit kartlarının, 4355-i debit kartlarının payına düşmüşdür. Hazırda bankın POS-terminallarının sayı 262-yə, ATM-bankomatlarının sayı 21-ə çatmışdır. “Bank of Baku”nun filial şəbəkəsi də sürətlə genişlənir. Bankın 15 filialı 2 ekspress məntəqəsi, habelə Sumqayıtda bir şöbəsi vardır.