İQTİSADİYYAT
Bank VTB (Azərbaycan) 2013-cü ildə aktivlərini 2,4 dəfə artıraraq 207,9 milyon manata çatdırmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanarın 17-də “İnterfaks-Azərbaycan” mətbuat mərkəzində Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Aleksandr Yeryominin bankın 2013-cü ildə fəaliyyətinin yekunlarına və gələcək planlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, A.Yeryomin bankın aktivlərinin il ərzində 2,4 dəfə artaraq 207,9 milyon manata çatdığını bildirmişdir. Məlumat verilmişdir ki, kredit portfeli ümumi aktivlərin 90 faizini təşkil edir. Bank ili 2,2 milyon manat məbləğində xalis mənfəətlə başa vurmuşdur.
Qeyd edilmişdir ki, ötən il bankın kreditləşmənin bütün istiqamətləri üzrə kredit portfelləri korporativ biznes üzrə 1,7 dəfə, kiçik biznes üzrə 3,3 dəfə və pərakəndə biznes üzrə isə 2,7 dəfə artmışdır. Məcmu kredit portfeli 2,6 dəfə artaraq 187,9 milyon manata çatmışdır. 2013-cü il ərzində bank məcmu kapitalının həcmini 3 dəfə artıraraq 45 milyon manata çatdırmağa müvəffəq olmuşdur. Səhmdarlar tərəfindən təmin edilən belə kapital artımı 2014-cü il ərzində korporativ kreditləşmənin inkişaf etdirilməsi üçün əlverişli bazadır.
İdarə heyətinin sədri Aleksandr Yeryominin vurğulamışdır ki, ötən ildə bank filial şəbəkəsini fəal surətdə genişləndirməyə başlamışdır. Hazırda bankın 6 filialının fəaliyyət göstərdiyi, mərkəzi ofisinin yeni binaya köçdüyü bildirilmişdir.
2013-cü ilin yekunları üzrə Azərbaycanın maliyyə institutları reytinqində Bank VTB (Azərbaycan) öz mövqeyini yaxşılaşdıraraq bank reytinqlərinin əsas göstəriciləri olan kredit portfeli, aktivlər və gəlirlər üzrə 21-23-cü yerləri bölüşmüşdür.