“BANKÇILIQ VƏ MALİYYƏ” MÖVZUSUNDA I QAFQAZ KONFRANSI VƏ SƏRGİSİ ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Avropa hotelində keçirilən konfransı giriş sözü ilə açan Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov Azərbaycanın son illərdə əldə etdiyi maliyyə uğurlarını diqqətə çatdırmış, iqtisadi yüksəlişdə bank sektorunun rolundan danışmışdır.
Bank xidmətlərinin yarıdan çoxunun özəl banklar tərəfindən göstərildiyini vurğulayan E.Rüstəmov, onların kapital bazasının dünya standartlarına cavab verdiyini bildirmişdir. Bank sektorunun inkişafını rəqəmlər və faktlarla diqqətə çatdıran sədr, bu sahədə kapitalın son illərdə 9 faizdən 14 faizədək yüksəldiyini demişdir.
Respublikada yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun və regionların inkişafından söhbət açan sədr, bu istiqamətdə görülən işlərdə bankların üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirildiyini bildirmişdir.
Açılış mərasimindən sonra iştirakçılar sərgiyə baxdılar. Sərgidə Azərbaycanın aparıcı bankları ilə yanaşı, onları informasiya və kommunikasiya texnologiyaları ilə təmin edən yerli və xarici şirkətlərin, iqtisadiyyat və maliyyə mövzusunda yazan mətbu orqanların və sığorta qurumlarının stendləri nümayiş olunmuşdur.
Sonra konfrans işini davam etdirmiş, Azərbaycan və Gürcüstanın iqtisadiyyatı və regionlarının inkişafında maliyyə sektorlarının rolu, yeni meyllər, kapital bazarının hazırkı vəziyyəti və perspektivləri mövzularında məruzələr dinlənilmişdir.
Milli Bankın baş direktoru R.Aslanlının məruzəsində Azərbaycanın maliyyə strategiyası, qeyri-neft sektorlarının inkişafında ölkənin mərkəzi bankının rolundan danışıldı. Qeyd olundu ki, digər sektorlarla müqayisədə banklar Avropaya daha fəal surətdə inteqrasiya edir. Mükəmməl qanunvericilik bazasının mövcudluğu bu sahədə sabit və dinamik artımı təmin edən islahatların həyata keçirilməsini tənzimləyir. Əmanətlərin sığortalanması barədə qanun layihəsi artıq Milli Məclisdə ilk oxunuşdan keçmişdir və bu layihənin payız sessiyasında qəbul olunacağı gözlənilir.
Konfransda Milli Bankın həyata keçirəcəyi islahatlara dair layihələr nümayiş olunmuşdur. Bunların ən vacibləri 2007-ci ilədək bankların nizamnamə kapitalının 10 milyon AZN-ə çatdırılması, korporativ idarəetmə standartlarının tam tətbiqi, əmanətlərin sığortalanması və maliyyə infrastrukturunun inkişafında atılacaq addımlardır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri G.Məmmədovun, iqtisadi inkişaf nazirinin müavini M. Cabbarovun, Gürcüstan Banklar Assosiasiyasının prezidenti Z.Qvasaliyanın və digərlərinin məruzələri dinlənilmişdir.
Konfrans iyunun 14-də öz işini davam etdirəcəkdir.