Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il yeni layihələr həyata keçirəcək
Bakı, 26 fevral, AZƏRTAC
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi cari ildə yeni layihələr təqdim etməyi planlaşdırır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mərkəz bu günlərdə “Sumaks” şirkətinin hazırladığı “Avtomaks” cihazının təqdimatını keçirib. Bu qurğu avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirmək məqsədilə yaradılıb. “Avtomaks” qurğusu avtomobil və sürücü haqqında əsas məlumatları yaddaşda saxlayır.
Mərkəzin dəstəklədiyi WOWOMAN: “Tech-tech khanim” layihəsi Azərbaycanda qadınların informasiya texnologiyaları (İT) üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılıb. Artıq layihənin ilk mərhələsi başa çatıb və “Microsoft” təlimlərini keçən qalib xanımlar mükafatlandırılıblar. Layihənin ikinci mərhələsi isə fevralın 27-də başlayacaq. İştirakçılar İT sayəsində təlimlərə qatılacaq, bu sahə üzrə mütəxəssislər tərəfindən maarifləndiriləcəklər.
Artıq üç ildir ki, yerli sahibkarlar üçün dünya şöhrətli “Seedstar World Competition” yarışması keçirilir və 50 ölkədən qatılan gənclərə özlərini texnologiyalar sahəsində sınamaq imkanı yaradılır. “Azercell Telekom” MMC-nin dəstək verdiyi “Seedstars World” inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir. Azərbaycanda keçirilən yarışmada qalib gələn gənclər fevralda İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanıblar.
Barama İnnovasiya Mərkəzi və "Azercell"in strateji partnyorluq və müştəri kanallarının idarəedilməsi departamentinin rəhbəri İmran Bağırov bildirib ki, fəaliyyətə başladığı gündən ölkədə təhsilin inkişafına böyük dəstək göstərən mərkəz bu gün də bu istiqamətdə uğurlu layihələrə imza atır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə gələcək əməkdaşlıq barədə danışıqlar aparılır. Eyni zamanda, Barama magistr proqramı çərçivəsində təhsil alan gənclər üçün “Təhsil.Online” və gənc proqramçılar üçün təlim və yarış xarakterli “Barama HackDayy 2016” layihələri üzərində çalışır. Bundan əlavə, mərkəz burada çalışan gənclər üçün mütəmadi olaraq xüsusi təlimlər keçirir. “Digital Marketing” üzrə təlim də mərkəzdə fəaliyyət göstərən gənc sahibkarların inkişafına yönəlib.
Qeyd edək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azercell” şirkəti tərəfindən yaradılıb.