Batumidə keçirilmiş anma mərasimində Xocalıda törədilmiş soyqırımı aktı pislənilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən baş konsul Hüseyn Nəcəfov qeyd etmişdir ki, Xocalı soyqırımı Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində günahsız dinc əhaliyə, o cümlədən qadınlara, qocalara və uşaqlara qarşı ən qəddar cinayətlər törətmişlər. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almışdır. Bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanmışdır.
Baş konsul bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər təşkil edilir.
M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin prezidenti Vidadi Axundov, Acarıstan Muxtar Respublikasının Ticarət Palatası nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət Universitetinin professoru Rostom Quntaişvili, “Bərabər hüquqlar naminə dəyişikliklər” qeyri-hökumət təşkilatının nümayəndəsi Nino Çkaidze və başqaları ermənilərin Xocalıda törətdikləri bu faciəni kəskin şəkildə pisləmişlər.
Anım mərasimində Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” sənədli filmi, amerikalı rep ifaçısı Toni Bləkmən və “Dəyirman” qrupunun ifasında “Xocalıya ədalət” musiqi klipi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Dua” sənədli filmi nümayiş olunmuşdur.
“Acariya TV” və “TV 25” kanalları mərasimlə bağlı veriliş və baş konsulun müsahibəsini yayımlamışdır.