BBVB QAZAXISTAN FOND BİRJASI İLƏ QARŞILIQLI ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALAMIŞDIR
Bu əməkdaşlıqdan əsas məqsəd Azərbaycan və Qazaxıstanın mütəşəkkil maliyyə bazarlarının mümkün inteqrasiyasıdır.
Sazişə uyğun olaraq, tərəflər iki ölkənin maliyyə bazarlarının əsas seqmentlərinə dair müntəzəm informasiya mübadiləsi aparmaq, maliyyə bazarlarının nizama salınmasının müxtəlif aspektləri barədə ikitərəfli məsləhətləşmələr keçirmək haqqında da razılığa gəlmişlər.
Bundan başqa, hər iki birjanın üzv olduğu beynəlxalq təşkilatlara münasibətdə KASE-nin və BBVB–nin fəaliyyətinin razılaşdırılması da nəzərdə tutulur.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində A.Coldasbekov və F.Əmirbəyov birjanın ticarət, hesablama və digər sistemlərinin qarşılıqlı uyğunlaşdırılması perspektivlərini müzakirə etmiş, bu məqsədlə ikitərəfli məşğələlər keçirməyə və müştərək işçi qrupları yaratmağa hazır olduqlarını bildirmişlər.
KASE 1993-cü il noyabrın 17-də Qazaxıstan Banklararası Valyuta Birjası adı ilə yaradılmışdır. Bu gün birja mütəşəkkil maliyyə bazarıdır və onu şərti olaraq dörd əsas sektora bölmək olar: xarici valyuta bazarı, dövlət qiymətli kağızlar bazarı, səhmlər və korporativ istiqraz vərəqələri bazarı, derivativlər bazarı. KASE fəaliyyətdə olduğu on il ərzində bütün maliyyə alətləri üzrə onun birja hərraclarının ümumi həcmi 80 milyard 905 milyon ABŞ dollarını ötüb keçmişdir.