BDU ilə Tbilisi Dövlət Universitetinin əməkdaşlığı genişlənir
Bakı, 20 aprel, AZƏRTAC
Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru Georgi Şervaşidze və bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan-Gürcüstan əlaqələrinin, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Rektor BDU-da 14 xarici dil, həmçinin gürcü dilinin tədris olunduğunu diqqətə çatdırıb. Bu ilin fevralında TDU-nun 100 illik yubiley mərasiminin keçirildiyini xatırladan akademik A.Məhərrəmov 2019-cu ildə BDU-nun 100 illik yubileyinin həm dövlət, həm də beynəlxalq səviyyədə qeyd olunacağını bildirib. BDU-nun beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan rektor, eyni zamanda, regionun ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, TDU ilə əlaqələrə toxunub, BDU alimlərinin TEMPUS, “ERASMUS+” və digər layihələr çərçivəsində gürcüstanlı həmkarları ilə əməkdaşlıq etdiklərini söyləyib.
Akademik A.Məhərrəmov 2005-ci ildə BDU və TDU arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb, universitetlərarası əməkdaşlığa dair müqavilənin yenilənməsinə ehtiyac olduğunu bildirib.
Gürcüstanın elm və təhsil naziri M.Çxenkeli elm, təhsil sahəsində görülən işlərdən bəhs edib, bu sahədə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir akademik Abel Məhərrəmovu Gürcüstanda keçiriləcək təhsil festivalına dəvət edib.
TDU-nun rektoru G.Şervaşidze rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, iştirakçısı olduğu layihələrdən danışıb.
Gürcüstanlı rektor akademik Abel Məhərrəmovu TDU-nun qızıl medalı ilə təltif edib, medalın ilk dəfədir ki, xarici elm adamına verildiyini diqqətə çatdırıb.
Sonra rektorlar A.Məhərrəmov və G.Şervaşidze yenilənmiş müqaviləni imzalayıblar. Tərəflər bu müqavilənin universitetlərarası tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə nazir M.Çxenkeliyə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə “BDU-nun Fəxri qonağı”, TDU-nun rektoru G.Şervaşidzeyə universitetlər arasındakı tarixi dostluq münasibətlərindəki xidmətlərinə görə “BDU-nun Fəxri dostu” plaketləri, səfir T.Şaraşenidzeyə isə BDU-nun plaketi təqdim edilib.