ELM VƏ TƏHSİL
BDU ilə Türkiyənin Yunus Emre İnstitutu arasında əlaqələr genişlənir
Bakı, 13 sentyabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Türkiyənin Yunus Emre İnstitutunun türkologiya üzrə əlaqələndiricisi Yasin Tunç ilə görüşmüşdür.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun yaranma tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələrindən danışmışdır.
Y.Tunç Yunus Emre İnstitutunun fəaliyyəti barədə məlumat vermiş, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
Yunus Emre İnstitutunun dünyanın 24 şəhərində türk dilinin və mədəniyyətinin öyrənilməsi və araşdırmasına xidmət edən Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumat verən qonaq, belə bir mərkəzin BDU-da da yaradılması məsələsinə toxunmuşdur.
Akademik A.Məhərrəmov BDU-da belə mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edərək, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılmasını türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addım olduğunu vurğulamışdır.
Qonaq BDU-nun Şərqşünaslıq fakültəsində, laboratoriya və elmi mərkəzlərində olmuşdur.