BELARUS MƏŞQÇİSİ: İDMANÇILARINIZIN PEKİN OLİMPİADASINDA GÖSTƏRDİYİ YÜKSƏK NƏTİCƏLƏR AZƏRBAYCAN XALQININ BÖYÜK UĞURUDUR
S.Qumanov bildirmişdir ki, cüdo üzrə dünya kubokunda mübarizə aparacaq Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna komandalarını özlərinə başlıca rəqib hesab edir. Azərbaycan cüdoçuları barədə isə ən xoş sözlər söyləmək olar. İdmançılarınızın Pekin Olimpiadasında göstərdiyi yüksək nəticələr Azərbaycan xalqının böyük uğurudur. Onlar bundan əvvəlki olimpiadaya da yaxşı hazırlaşmışdılar. Lakin bəxtləri bir az gətirmədi.
Komandamızın heyətində əsasən cavan idmançılardır. Bu yarışa həm də qarşıdakı London Olimpiadasına hazırlıq mərhələsi kimi baxırıq. Zənnimcə, digər komandalar da bizim kimi düşünür. Artıq növbəti olimpiada silsiləsi başlandığından gənclərə üstünlük vermişik. Çempionatda ağır çəki dərəcələrində uğur qazanmq niyyətindəyik. Söhbət 100 kiloqram və daha artıq çəki dərəcələrindən gedir. Yeri gəlmişkən, Avropa birinciliyinin mükafatçısı olmuş 52 kiloqram dərəcəsində çıxış edən bir qadın idmançımıza da böyük ümidlər bəsləyirik.
Belə mötəbər yarışın məhz Bakıda keçirilməsi təsadüfi deyildir. Ötən il paytaxtınızda keçirilən güləş üzrə dünya çempionatı da bunu sübut etdi. Burada idmançıların məşqi və istirahəti üçün hər cür şərait yaradılmışdır. Yarışın təşkilindən, azərbaycanlıların qonaqpərvərliyindən çox razıyıq. Bakıda əvvəllər də olmuşam. Ancaq paytaxt o illərlə müqayisədə təsəvvürolunmaz dərəcədə dəyişmişdir. Hündür və yaraşıqlı binalar, şəhərin yeni infrastrukturu Bakıya xüsusi gözəllik verir.