DÜNYA
Belçika F-16 təyyarələrinin Ukraynaya tədarükü imkanlarını nəzərdən keçirir

Bakı, 21 sentyabr, AZƏRTAC
Belçikanın Müdafiə Nazirliyi F-16 qırıcılarının Ukraynaya göndərilməsi imkanlarını nəzərdən keçirir.
AZƏRTAC VRT News telekanalına istinadla xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksander De Kroo bildirib.
“Biz Müdafiə Nazirliyindən təyyarələrimizin xidmət müddəti ilə bağlı vəziyyəti yoxlamağı xahiş etdik. Bütün variantlar nəzərdən keçirilməlidir. Əgər onlar bir işə yarayırsa, biz onu mütləq araşdırmalıyıq. Ola bilər ki, Ukrayna Belçika təyyarələrindən yalnız təlim üçün istifadə etsin. O zaman tələblər başqa olacaq”, - Baş nazir telekanalın efirində belə deyib.
Avqustun 20-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə 42 ədəd F-16 təyyarəsinin verilməsi ilə bağlı Niderlandla razılıq əldə edildiyini bildirib. Eyni zamanda, Danimarka da Ukraynaya 19 ədəd belə qırıcı verməyə hazır olduğunu elan edib. Kopenhagen ilk altı təyyarəni ilin sonuna qədər Kiyevə tədarük etməyi planlaşdırır.