Bərdədə “Dərələyəz mahalı - folklor və etnoqrafiya” sərgisi keçirilib
Bərdə, 11 noyabr, AZƏRTAC
Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd icmasının təşkilatçılığı ilə Bərdə rayonunun İmirli kəndində “Dərələyəz mahalı - folklor və etnoqrafiya” sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Dərələyəz mahalına məxsus məişət əşyaları, o cümlədən nehrə, cəhrə, nənni, daraq, yəhər, küplər, həmçinin Dərələyəz mətbəxinin elementləri nümayiş olunub. Kətə, müxtəlif şirniyyatlar və digər təamlar bişirilərək iştirakçılara təqdim edilib. Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə yaxın olan İrəvan xalçalıq məktəbinə məxsus Çivə və Sallı xalçaları və palazları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Kənd sakinləri və qonaqlar “İmirli” folklor qrupunun ifasında qara zurna sədaları altında halay çəkib, yallı oynayıblar.
Dərələyəz icmasının Keşkənd rayonu üzrə nümayəndəsi, professor Mahirə Nağıqızı AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Xalq yaddaşını qoruya bilibsə, xalçasını, mətbəxini və ya onların hazırlanma qaydalarını, öz yerinə-yurduna məxsus bulaq, çay, göl, qaya, düz adlarını yaddaşında saxlayıbsa, onu folklora hopdurubsa, o xalq mütləq qalib olacaq. İmirlidə məskunlaşan dərələyəzlilərin təqdim etdikləri eksponatlar, Dərələyəzə məxsus bitkilər, onların qurudulması, yeməklərin hazırlanması və sair onu sübut edir ki, heç nə unudulmayıb, yaddan çıxmayıb. Unudulmayan, yaddan çıxmayan bizimdirsə, o Vətən də bizimdir. Biz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mütləq Qərbi Azərbaycana qayıdacağıq”.
Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəliyinin rəhbəri Şöhrət Eyvazov isə bildirib: “Ölkəmizin hər yerində olduğu kimi, Bərdədə də Qərbi Azərbaycan icmalarının yaradılması və onların təşkilatlanması işləri davam edir. Həm Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəliyi, həm də müxtəlif kəndlərdə, o cümlədən Yeni Daşkənddə, İmirlidə, Kətəlparaqda, Kələntərlidə və Qərbi Azərbaycan əsilli soydaşlarımızın yaşadıqları digər kəndlərdə icmalar yaradılır, müxtəlif tədbirlər keçirilir. Onlardan biri də İmirlidə təşkil edilmiş folklor və etnoqrafiya sərgisidir. Burada əsasən İmirli kəndinə Dərələyəz və Göyçə mahalından deportasiya olunmuş soydaşlarımıza aid maddi-mədəniyyət nümunələri nümayiş etdirildi. Belə tədbirlərin digər kəndlərdə də keçirilməsi nəzərdə tutulur”.