BƏRDƏDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARININ YIĞINCAĞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bərdə rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Məzahir Qasımov kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışaraq bildirmişdir ki, bu il 17 min 187 nəfər istehsalçıya 2 milyon 447 manat pul ayrılmışdır. Rayonda 5 damazlıq təsərrüfatı, 12 toxumçuluq fermer təsərrüfatı, 12 süni mayalandırma məntəqəsi fəaliyyətə başlamışdır. Aqrar sahəyə qayğı məhsul istehsalının artmasında da özünü göstərir. 2008-ci ildə rayonda 70 min 312 ton taxıl istehsal edilmiş, hər hektardan məhsuldarlıq 33,5 sentner olmuşdur. İlin birinci yarısında 2,7 min ton kartof, 27 min ton tərəvəz, 4,9 min ton bostan məhsulu istehsal edilmişdir.
Yığıncaqda kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumu, mineral gübrələr və cins heyvanlarla təminatını yaxşılaşdırmaq üçün ölkə başçısının imzaladığı Sərəncam yüksək qiymətləndirilmişdir.