BƏRDƏDƏ MİLLİ FƏALİYYƏT PLANI İLƏ ƏLAQƏDAR İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Bərdə rayonunda ictimai dinləmələr keçirmişdir.
Tədbirdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, daxili işlər şöbəsi və prokurorluğun, idarə, müəssisə və təşkilatların, seçki komissiyalarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Ombudsman respublikada insan hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, Milli Fəaliyyət Planı qəbul olunduqdan sonra görülən işlər, sənədin tətbiqi ilə bağlı regionlarda keçirilən ictimai dinləmələr, dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə danışmış, vətəndaşların seçki hüquqlarının təmin olunması ilə əlaqədar müvafiq tövsiyələr vermişdir.
Milli Qeyri-Hökumət Təşkilatları Fondu İdarə Heyətinin sədri Aydın Kərimov insan hüquqlarının qorunmasında, hüquqi maarifləndirmə işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının rolundan bəhs etmişdir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev MFP-dən irəli gələn vəzifələrlə bağlı rayon üzrə tədbirlər planı hazırlandığını bildirmiş və insan hüquqlarının müdafiəsi üzrə rayonda görüləcək işlər barədə məlumat vermişdir.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, seçki qanunvericiliyinin öyrənilməsi və təbliği sahəsində fəaliyyət, seçkiyə hazırlıq və s. məsələlər barədə söz açmışlar.