BERLİNDƏ “AZƏRBAYCANA QARŞI MÜHARİBƏ: MƏDƏNİ İRSİN HƏDƏFƏ ALINMASI” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, aprelin 9-da Berlin Nümayəndələr Evində (əyalət parlamenti) Azərbaycan Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniya-Azərbaycan Forumunun birgə təşkil etdiyi təqdimat mərasimində Almaniya Bundestaqı fraksiya və komissiyalarının sədrləri, deputatlar, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli əməkdaşları, diplomatik korpusun nümayəndələri, Berlində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat mərkəzləri və universitetlərin təmsilçiləri, səfirliyin əməkdaşları və bu ölkədə yaşayan həmyerlilərimiz iştirak etmişlər.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbiri açaraq, Ermənistanın Azərbaycana təcavüzü, işğal edilmiş ərazilərdə maddi mədəni irsimizin mütəmadi məhv edilməsi, toponimlərin erməniləşdirilməsindən bəhs etmiş, iştirakçılara kitab haqqında məlumat vermişdir.
Almaniya-Azərbaycan Forumunun sədr müavini, Potsdam Universitetinin professoru Dr.Vilfrid Furman çıxış edərək, yüksək səviyyədə hazırlanmış bu kitab sayəsində alman ictimaiyyətinin Azərbaycan gerçəklikləri barədə daha ətraflı məlumat ala biləcəyinə əmin olduğunu bildirmişdir.
Sonra kitabın müəllifi, Xarici İşlər Nazirliyi xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin birinci katibi Kəmalə İmranlı geniş interaktiv məruzə ilə çıxış etmişdir. Kitab əsasında hazırlanmış kompakt diskdəki slaydların müşayiəti ilə edilən məruzədə ermənilərin Azərbaycan ərazilərinə gəlmə olduğu, qədim Alban kilsəsinin onlar tərəfindən erməni kilsəsi kimi qələmə verilməsi, son iki əsrdə torpaqlarımızda ardıcıl və planlı şəkildə özününküləşdirmə siyasəti yeridilməsi, işğal olunmuş ərazilərdə tarixi və mədəni abidələrin məhv edilməsi barədə sənədlər, fotolar və tutarlı faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Məruzədən sonra K.İmranlı dinləyiciləri maraqlandıran suallara cavab vermişdir.
Tədbirdə, həmçinin “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” sənədli filmi alman dilində nümayiş etdirilmişdir.