MƏDƏNİYYƏT
BƏSTƏKARIN XATİRƏ GECƏSİ
Fikrət Əmirovun yaradıcılığı təkcə Azərbaycan milli mədəniyyətinin deyil, bütünlükdə dünya incəsənətinin nadir, istedadlı və təkrarolunmaz nümunələrindəndir. Onun qeyri-adi poetik əlvanlığa malik əsərləri başqa görkəmli musiqiçi və bəstəkarlarımızın əsərləri ilə birlikdə ölkəmizin bugünkü musiqi mədəniyyətinin simasını əks etdirir. Həmin əsərlər Azərbaycan incəsənətinə böyük hörmət və məhəbbət qazandırmışdır.
Bu barədə oktyabrın 26-da Azərbaycan Dövlət Muğam Teatrında SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, akademik, bəstəkar Fikrət Əmirovun 80 illiyinə həsr olunmuş xatirə gecəsində ətraflı danışıldı.
Teatrda bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən sərgi açılmışdı.
Muğam teatrının direktoru Arif Qazıyev, Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, xalq artisti, professor Ramiz Quliyev, tibb elmləri doktoru, professor Ağabəy Sultanov, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq artisti, professor Nəriman Əzimov və başqaları görkəmli bəstəkarın bədii dəyəri etibarlı ilə çox zəngin və gözəl musiqi irsindən, yüksək istedadla yazılmış əsərlərindən söz açdılar. Qeyd olundu ki, Fikrət Əmirovun musiqisi nikbin və gözəldir. Xalq həyatının müdrik fəlsəfəsi və tükənməz nikbinliyi ilə aşılanmış bu musiqi emosional böyük təsir qüvvəsi, güçlü romantik pafosu ilə fərqlənir. Xatirə gecəsində xalq artistləri Fidan Qasımovanın, Xuraman Qasımovanın, Azər Zeynalovun, İlhamə Quliyevanın və başqalarının ifasında bəstəkarın simfonik poemalarından, operalarından parçalar səsləndi, gözəl nəğmələri oxundu, “Gülüstan-bayatı-Şiraz” simfonik muğamına həsr olunmuş sənədli televiziya filmi nümayiş etdirildi.
Axırda bəstəkarın oğlu Cəmil Əmirov çıxış edərək, atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.