Beyləqan rayonunda mərmi tapılıb
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-də saat 16:57-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindəki pambıq emalı zavodunun yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 2 ədəd 125 millimetrlik top mərmisi (3BM-125), 1 ədəd 122 millimetrlik raket (9M22U) və 2 ədəd 125 millimetrlik top mərmisinin gilizi aşkar olunub. Sursatlar götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.