CƏMİYYƏT
Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi Ailə Festivalı keçirilib



















Bakı, 15 may, AZƏRTAC
Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi olaraq keçirilən Ailə Festivalı Xətai rayonu ərazisindəki “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında təşkil edilib.
AZƏRTAC xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunmasının mühüm məsələ olduğunu vurğulayıb. Komitə sədrinin sözlərinə görə, hər il ənənəvi olaraq keçirilən Ailə Festivalı həm də milli ailə dəyərlərinin bayramıdır.
Ailə Festivalına dəvət üçün minnətdarlıqlarını bildirən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və “Regional İnkişaf” İctimai Birliyinin layihə koordinatoru Aytac Əjdərli ailə dəyərlərinin önəmini vurğulayıblar.
Tədbir bədii hissə ilə davam edib.
Festival çərçivəsində, həmçinin uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və digər), animatorların iştirakı ilə əyləncələr təşkil olunub.
Sonda festivalda Dövlət Komitəsinin keçirdiyi “Həyatdan şəklə” adlı onlayn fotomüsabiqənin qalibləri mükafatlandırılıb.