REGİONLAR
Beynəlxalq konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərdə olublar
Gəncə, 10 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
“Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” adlı beynəlxalq elmi konfransın davamı olaraq oktyabrın 9-da konfrans iştirakçıları unikal Naftalan nefti ilə yaxından tanış olub, neftin müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sonra iştirakçılar Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edərək qəsəbənin turizm potensialı, ərazidə yenidən qurma və bərpa işləri ilə tanış olublar. Həmçinin Suqovuşanda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm amil hesab olunur. Sözügedən yol infrastrukturu Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcək.
Eyni zamanda, xarici və yerli konfrans iştirakçıları səfər çərçivəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində mülki şəhid Qurbanovlar ailəsini ziyarət ediblər.
Xatırladaq ki, iki gün davam edən Beynəlxalq Konfransa 6 xarici ölkənin nümayəndəsi, ümumilikdə isə 100-dən çox iştirakçı qatılıb.