SİYASƏT
“BEYNƏLXALQ MÜNASİBƏTLƏR, BEYNƏLXALQ İNSAN HÜQUQLARI ” MÖVZUSUNDA TRENİNQ KEÇİRİLMİŞDİR
Bakı, 5 noyabr (AZƏRTAC). Cenevrənin Beynəlxalq Münasibətlər və İnkişaf İnstitutunun Beynəlxalq İdarəçilik Mərkəzi və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi Azərbaycan Diplomatik Akademiyasında “Beynəlxalq münasibətlər, beynəlxalq insan hüquqları və humanitar hüquq sahəsində biliklərin artırılması” mövzusunda treninq keçirmişlər.
Treninqdə dörd tematik modul müzakirə olunmuşdur. Beynəlxalq danışıqlar prosesi mövzusunda birinci modul Niderland Krallığı Beynəlxalq Münasibətlər İnstitutunun professoru Pol Merts tərəfindən şərh olunmuşdur.
Cenevrənin Beynəlxalq Münasibətlər və İnkişaf İnstitutunun professoru Andrea Byanki “Beynəlxalq insan hüquqları” mövzusunda ikinci modul üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar və mexanizmlər barədə məlumat vermişdir.
Ombudsmanın nümayəndələri BMT-nin insan hüquqları sahəsində yeni mexanizmi olan Universal Dövri İcmal (UDİ) barədə danışmışlar.
Xarici İşlər Nazirliyinin əməkdaşı Elxan Poluxov Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri, strategiyası, beynəlxalq əməkdaşlıq barədə məlumat vermişdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.