ELM VƏ TƏHSİL
“Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu (Ukrayna və Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəli hüquqi təhlili)” kitabının təqdimatı olmuşdur
![](/files/galleryphoto/2017/3/1200x630/15054595295848638872_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15054595291099812_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15054595292739953229_1200x630.jpg)
Bakı, 10 aprel (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) Ukraynada yaşayan həmyerlimiz, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, Ukrayna Hüquq Assosiasiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Arif Quliyevin həmin ölkədə çap edilmiş “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu (Ukrayna və Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəli hüquqi təhlili)” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, müvafiq qurum nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin, BDU-nun hüquq fakültəsi tələbələrinin iştirak etdikləri tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışmış, ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini bildirmişdir.
Təqdim olunan kitab barədə danışan A.Məhərrəmov nəşrin bəşəriyyət üçün ağır bəla olan beynəlxalq terrorizm probleminə və onun qarşısının alınması məsələlərinə həsr edildiyini diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor qəsbkar ermənilərin terrorizm siyasəti apardıqlarını xatırlatmış, beynəlxalq terrorizmə qarşı normativ hüquqi sənədlərin olmasının və dünyada bu bəlanın qarşısının alınmasının vacibliyini vurğulamışdır.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev kitabın müəllifi, professor Arif Quliyevin elmi yaradıcılığından, hüquq elminə verdiyi dəyərli töhfələrdən bəhs etmiş, nəşrlə bağlı fikirlərini bildirmişdir.
Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev, BDU-nun professoru Ramiz Sevdimalıyev və digərləri kitabın əhəmiyyətini vurğulamış, nəşrdə terrorizmə qarşı mübarizənin istiqamətlərinin, metod və formalarının elmi əsaslarla təhlil edildiyini bildirmişlər.
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov ölkəmiz ilə Ukrayna arasında əlaqələrdən danışmışdır.
Kitabın müəllifi, professor A.Quliyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırmış, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.