Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Aydın Əliyev BVF ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açmış, əməkdaşlığın perspektivlərindən bəhs etmişdir. Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salan A.Əliyev gömrük sisteminin respublikamız müstəqillik qazandıqdan sonra, xüsusilə 1995-ci ildən başlayaraq beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli inkişaf baş verdiyini vurğulayan komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusən büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
DGK-nın sədri ölkəmizin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurulduğunu, gömrük nəzarətinin avtomatlaşdırıldığını və bunun ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinə müsbət təsirini konkret faktlarla əsaslandırmışdır. Ölkəmizin gömrük sistemində “Bir pəncərə” prinsipinin tətbiq edildiyini, bununla da vaxt itkisinin minimuma endirildiyini bildirən A.Əliyev tərəflər arasında artıq birbaşa təmasın olmadığını, gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini, gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırmışdır.
BVF-nin Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Raca Almarzoqi respublikamızın sürətli inkişaf tendensiyasından razılığını ifadə etmiş, xüsusilə son illər gömrük sistemində əldə olunan nailiyyətlərin BVF tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
Qədim “İpək Yolu”nun bərpasına, bu yolun əhatə etdiyi ölkələr arasında mövcud əməkdaşlığa dair məsələlərin müzakirəsi zamanı DGK-nın sədri qonaqların nəzərinə çatdırmışdır ki, noyabrın 14-də Qəbələdə “İpək Yolu” ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair Beynəlxalq forum işə başlayacaqdır. Sayca altıncı olan bu forumda “İpək Yolu” ölkələrində gömrük-sərhəd keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi aparılacaq və digər məsələlər müzakirə ediləcəkdir.
Görüşdə, həmçinin gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması prosesində mövcud vəziyyət müzakirə edilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.