BİBİHEYBƏT MƏSCİDİNİN İYUN AYINDA ZİYARƏTÇİLƏRİN ÜZÜNƏ AÇILMASI NƏZƏRDƏ TUTULUR
AZƏRTAC memarı Fəxrəddin Miralaya istinadla xəbər verir ki, Bibiheybət məscidində tikinti işləri sürətlə davam edir. Onun öz qapılarını ziyarətçilərin üzünə iyun ayında açması nəzərdə tutulur.
Məscidin 3 günbəzinin birində və alt ibadətgahda işlər artıq başa çatmışdır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən yenidən qurulan bu məscid 13-cü yüzillikdə Şirvanşah II Fərruxzadın göstərişi ilə inşa olunmuş və uzun müddət ziyarətgah kimi istifadə edilmişdir.
Bibiheybət məscidi sovetlər zamanında dağıdılmış, burada ziyarət qadağan olunmuşdu. 1998-ci ildə ulu öndərimiz Bibiheybət məscidinin əsaslı şəkildə yenidən qurulmasına göstəriş vermış, onun genişləndirilməsi ilə əlaqədar təməlqoyma mərasimində iştirak etmişdi. Sonradan məscid ərazisində gediş-gəlişi, rahatlığı təmin etmək məqsədi ilə ərazidəki qəbiristanlığın bir hissəsi köçürülərək burada nəqliyyatın intensiv hərəkəti təmin olunmuşdur.
Klassik şərq memarlıq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahını fərqləndirən cəhətlər çoxdur. Məscidin daxili, demək olar, bütünlüklə ağ mərmərdən ibarətdir. Ziyarətgahın qalın mərmər divarları üzərində oymalar onu daha da cazibədar edir. Bibiheybət ziyarətgahı islam dünyasında yeganə məsciddir ki, günbəzinə qədər naxışlı mərmərlər üzərində quran ayələri yazılmışdır. Ən maraqlısı isə budur ki, müqəddəs ayələr mərmər divarlara təkrarolunmaz xəttatlıq nümunələri ilə həkk edilmişdir.
Məsciddə istilik və işıqlandırma sistemi də quraşdırılmışdır. Burada inşa olunan qurbangah, namazgah və digər yardımçı otaqlarda işlər sürətlə davam edir. Qeyd edək ki, aşağı ibadətgahda 3000 adam eyni vaxtda namaz qıla biləcəkdir. Hündürlüyü 5 metr olan qapalı sahədə böyük dini mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
İmam Museyi-Kazımın qızı Həzrəti Hökumə xanımın məzarı bu məsciddə yerləşir.
Tikinti işlərini “A+A” şirkəti həyata keçirir.