ELM VƏ TƏHSİL
Bilik Günündə Cəlilabadda iki yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına veriləcəkdir
Cəlilabad, 12 sentyabr (AZƏRTAC). Yeni dərs ilində Cəlilabad rayonunun 126 ümumtəhsil məktəbində 30 minə yaxın şagird təhsil alacaqdır. Məktəblər 41 mindən çox dərslik və ədəbiyyat, eləcə də yeni avadanlıqla təmin olunmuşlar.
AZƏRTAC xəbər verir ki bu fikirlər Cəlilabad rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransında səslənmişdir.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən təhsil şöbəsinin müdiri Ədalət Əsgərov bildirmişdir ki, rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 291 nəfəri ali məktəblərə qəbul olunmuş, bir məzun isə 695 balla Prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, son beş ildə rayonda 8 yeni məktəb binası tikilmişdir.
Bilik Günündə isə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq inşa edilmiş iki təhsil ocağı - 480 şagird yerlik Gülməmmədli kənd tam orta, 190 şagird yerlik Cəlilabad şəhər 6 nömrəli ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binaları müəllim və şagirdlərin ixtiyarına veriləcəkdir.
Konfransın sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən və təhsildə uğur qazanmış müəllimlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.