Binəqədi rayonunda Xocalı soyqırımına həsr edilmiş “Xəcalət” tamaşası nümayiş olunmuşdur
Bakı, 26 fevral (AZƏRTAC). Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki dəmiryolçuların mədəniyyət sarayında tanınmış yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr edilmiş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə nümayiş etdirilmiş tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanmışdır.
Tamaşada Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazlar vasitəsilə canlandırılmışdır.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına istiqamətləndirilmiş tədbirlərdən biri kimi bu tamaşanın da nümayişi geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanmışdır.