İDMAN
Birinci Avropa Oyunları İsrailin “Birinci radio”sunun efirində
![](/files/galleryphoto/2015/2/1200x630/14340966431906486_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143409664334269618_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 11-də İsrailin “Birinci radio” radiostansiyasında tanınmış radioaparıcı Mark Kriçevskinin “Günün detalları” verilişində birinci Avropa Oyunları ilə bağlı geniş şərh verilib.
AZƏRTAC xəbər verir ki, “Exo” qəzetinin idman şöbəsinin müdiri Teymur Tuşiyev M.Kriçevskiyə müsahibəsində deyib ki, birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün əhəmiyyətli tarixi hadisədir. “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycan rəhbərliyinin fədakarlığı və səyləri, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskarlığı və əzmkarlığı sayəsində keçiriləcək.
Azərbaycanlı jurnalist böyük fəxrlə bildirib ki, ölkəmiz dünya miqyaslı mühüm idman tədbirinə rekord müddətdə - cəmi 2,5 il ərzində tam hazırlaşa bilən yeganə dövlətdir. O deyib ki, hazırda ən yaxşı Atletlər Kəndi Bakıdadır. Atletlər Kəndinin ərazisi gözəlliyi, genişliyi və hərtərəfli infrastrukturu ilə heyrətləndirir. Burada yaşamaq üçün hər cür şərait yaradılıb. Avropa Oyunlarına akkreditə edilən jurnalistlər isə Media Kəndində yerləşdirilib. Burada da yaşayıb-işləmək üçün hər cür şərait yaradılıb.
Ölkənin beynəlxalq aləmdə populyarlaşmasına, maliyyə dividendlərinin əldə olunmasına və bir sıra digər aspektlərə kömək edən multiidman yarışlarının əhəmiyyətindən söz açan T.Tuşiyev bu irimiqyaslı tədbirdən sonra ölkəyə böyük miras qalacağını qeyd edib. Birinci Avropa Oyunları sayəsində 65 min tamaşaçı yeri olan, Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionu, su idmanı növləri üzrə, demək olar, bütün yarışların keçiriləcəyi Su İdmanı Sarayı Azərbaycanın idman həvəskarlarının ixtiyarına verilib.
T.Tuşiyev M.Kriçevskinin İsrail idmançılarının birinci Avropa Oyunlarında iştirakı barədə sualını cavablandıraraq bildirib ki, İsrailin Bakıya 142 idmançıdan ibarət böyük nümayəndə heyəti göndərməsi çox şeydən xəbər verir.