İDMAN
Birinci Avropa Oyunlarının atıcılıq yarışları maraqlı idman mübarizəsi ilə yadda qalıb
Bakı, 22 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 22-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yeddi yarış günündə ümumilikdə 210 kişi və 120 qadın idmançı 19 medal dəsti uğrunda mübarizə aparıb. Yarışlarda 9 kişi, 6 qadın və 4 qarışıq komanda çıxış edib. Bu idman növündə Azərbaycan 10 idmançı ilə təmsil olunub. Bununla yanaşı, 15 fərdi yarışın qalibləri birbaşa "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Yarışın sonuncu günündə qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi və eyni məsafəyə hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçirilib.
İtaliya komandası Azərbaycan yığmasının da iştirak etdiyi dairəvi stend üzrə qarışıq komanda yarışının qalibi olub. Qızıl medal uğrunda mübarizədə İtaliya komandası Kipr komandasını məğlub edərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. İtaliyanı Valerio Luçini və Diana Bakosi təmsil ediblər. İkinci yerə Kipr millisi, üçüncü yerə isə Fransa komandası çıxıb.
Təsnifat mərhələsində 87 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 11-ci yerdə başa vurub. Azərbaycanı bu yarışda Emin Cəfərov və Nurlana Cəfərova təmsil ediblər.
Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının qızıl medalına da İtaliya yığması sahib olub. İtaliya finalda Danimarka millisi ilə qarşılaşıb. Bu qarşılaşma da gərgin idman mübarizəsi ilə yadda qalıb. İtaliya komandası müəyyən olunan hədəfləri daha dəqiq vuraraq birinciliyi təmin edib. İtaliyanı “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi, atıcılıq üzrə Olimpiya çempionu Nikola Kampriani və birinci Avropa Oyunlarında qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışının qalibi Petra Zublasinq təmsil ediblər.
Petra Zublasinq "Bakı-2015"-də qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışında sonuncu dünya rekordunu yeniləyib.
Nikola Kampriani "London-2012" Olimpiya Oyunlarında atıcılıq üzrə ilk yarışda 2 Olimpiya rekorduna imza atıb. İkinci yarışda isə Olimpiya rekordunu təkrarlayan idmançı bir qızıl və bir gümüş medal qazanaraq yüksək nəticə göstərib. Yarışda bürünc medalı Rusiya komandası qazanıb.
Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının qalibi isə Almaniya komandası olub.
Birincilik uğrunda Yunanıstan komandası ilə qarşılaşan Almaniya yığması hədəfləri dəqiq nişan alaraq qızıl medalı qazanmağı bacarıb. Almaniyanı Monika Karş və Kristian Rayts təmsil ediblər.
Kristian Rayts “Bakı-2015”-də kişilər arasında 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışının da qalibi olub. İkinci yeri Yunanıstan tutub. Bürünc medalı isə Rusiya komandası qazanıb.
Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının təsnifat mərhələsində 473 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 10-cu yerdə başa vurub.
Azərbaycanı bu yarışda İradə Aşumova və Ruslan Lunev təmsil ediblər.
Qaliblərə mükafatları Avropa Atıcılıq Konfederasiyasının baş katibi Aleksandr Ratner, Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos və Slovakiya Olimpiya Komitəsinin baş katibi Yozef Liba təqdim ediblər.
Xatırladaq ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib.