İQTİSADİYYAT
BİRİNCİ RÜBDƏ ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ DAXİLİ İNVESTİSİYALAR XARİCİ İNVESTİSİYALARDAN ÇOX OLMUŞDUR
Bakı, 24 aprel (AZƏRTAC). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, birinci rübdə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 84,5 faizini daxili, 15,5 faizini isə xarici investisiyalar təşkil etmişdir.
Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 63 faiz üstələmişdir.
Əsas kapitala yönəldilmiş daxili investisiyanın 82,8 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 17,2 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür.
2009-cu ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən 4 milyard 718 milyon manat vəsait nəzərdə tutulmuşdur. İlin ilk iki ayı ərzində bu vəsaitin 797,2 milyon manatından istifadə olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 607,1 milyon manat (ümumi investisiyanın 37 faizi), bank kreditləri 47 milyon manat (2,9 faizi), büdcə vəsaitləri 825,1 milyon manat (50,3 faizi), büdcədənkənar fondların vəsaitləri 106 milyon manat (6,5 faizi), əhalinin şəxsi vəsaitləri 53,6 milyon manat (3,3 faizi), digər vəsaitlər isə 0,1 milyon manat təşkil etmişdir.