BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHYANA
Milli bayramınız – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri hazırda öz intensiv inkişaf mərhələsini yaşayır. Əminəm ki, bu günlərdə ölkənizə səfərim çərçivəsində görüşlərimiz, apardığımız müzakirələr və ətraflı fikir mübadiləsi, imzalanan sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə yeni təkan verəcəkdir.
Fürsətdən istifadə edərək, səfərim zamanı mənə və nümayəndə heyətimizə göstərilən yüksək qonaqpərvərliyə, diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımızı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2006-cı il