BİTKİ ZƏRƏRVERİCİLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MƏQSƏDİ İLƏ QƏRARGAHLAR YARADILMIŞDIR
Ərzaq təhlükəsizliyinin təmin olunması, bol məhsulun əldə edilməsi bir çox amillərlə yanaşı, bitki zərərvericilərinə və xəstəliklərə qarşı aparılan kimyəvi mübarizə tədbirlərindən də asılıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bitki Mühafizə Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın torpaq-iqlim şəraitinin müxtəlifliyi bəzi kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün əlverişli olduğundan bu ərazilərdə bitkilərin qorxulu və karantin zərərvericilərinin, xəstəlik və alaq otlarının geniş yayılmasına səbəb olur. Qurum zərərvericilərə, xəstəlik və alaq otlarına qarşı kompleks tədbirlər aparır. Görülən tədbirlər nəticəsində taxıl bitkilərinin qorunması üçün indiyədək siçanabənzər gəmiricilərə qarşı 95 min hektar ərazidə kimyəvi mübarizə işi aparılmışdır. Bu məqsədlə 38 rayonun fermer təsərrüfatlarına 7.156 kiloqram zəruri preparat paylanmışdır. Mərakeş çəyirtkəsi və digər zərərvericilərə qarşı 42 rayonda profilaktik tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 6.270 litr kinqdosk, 5.080 litr Dentis preparatı çiləyicilər vasitəsilə əkin sahələrinə vurulmuşdur. Təkcə bu il 12 ədəd traktor-çiləyicisi alınaraq ən çox ehtiyac duyulan rayonlara verilmişdir.
Təhlükəli karantin obyekti olan “Amerika ağ kəpənəyi” və “Kolarado böcəyi”nə qarşı mübarizə tədbirləri də diqqət mərkəzindədir. Bu zərərverici orqanizmlərə qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı-Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara və Daşkəsən-Gədəbəy bölgələrində operativ qərargahlar yaradılmışdır.