“BİZ HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRİK” MÜSABİQƏSİNİN YEKUN MƏRHƏLƏSİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalqımızın müdrik oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərindən bəhs etmişdir. Heydər Əliyev siyasi irsinin əhəmiyyətindən danışan natiq, ümummilli liderimizin ideyalarının nəsillərə ən layiqli örnək olduğunu, ulu öndərimizin gənclərə və onların təhsilinə daim diqqət və qayğı göstərdiyini nəzərə çatdırmışdır.
N.Rzaquliyeva respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu ötən əsrin 70-ci illərini xatırladaraq, hələ o dövrdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər sahədə tərəqqi etdiyini bildirmişdir.
Natiq demişdir ki, ulu öndərin 85 illik yubileyini layiqincə qeyd etmək, onun irisini öyrənmək və öyrətmək, bu zəngin xəzinədən yetərincə faydalanmaq hər bir ziyalının, təhsil işçisinin, Azərbaycan vətəndaşının borcudur. Bakı Şəhər üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə Heydər Əliyev irsinin öyrənilməsi və onun tətbiqi məqsədi ilə “Biz Heydər Əliyev irsini öyrənirik” adlı müsabiqə keçirmişlər. Həm müəllim və tərbiyəçilər, həm də şagirdlər öz yaradıcılıq işləri ilə müsabiqədə iştirak etmişlər. Müsabiqə üç nominasiya - ədəbi- bədii, elmi-tədqiqat və internet layihələri üzrə keçirilmişdir.
Təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlardan bəhs etmiş, ümummilli liderimizin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəlayiq yer tutduğunu söyləmişlər. Natiqlər qalibləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonra şagirdlər konsert proqramı ilə çıxış etmişlər.