Biznes qurmaq istəyən gənclər üçün yeni layihəyə start verilir
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 2.0” (New Generation 2.0) layihəsinin 2021-ci il üçün mövsümünə start verilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) nəzdində fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən icra edilən "New Generation 2.0" layihəsi ictimaiyyətə təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, pandemiya səbəbindən onlayn həyata keçiriləcək layihənin təqdimat mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru Adrian Cernautan, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai, Kamal Cəfərov, Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) fəxri prezidenti Patrik Kovaç iştirak ediblər.
Tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Talifa İsgəndərli proqramın ötən illərdəki uğuru, layihənin fəaliyyət istiqamətləri, görüləcək işlər, hədəflər haqqında məlumat verib.
Bildirilib ki, bir il müddətinə reallaşdırılacaq “Yeni nəsil 2.0” layihəsi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə qoşulmasına imkan yaradılmasını və biznesə dəstək verilməsini nəzərdə tutur. Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarını əhatə edəcək layihənin istiqamətləri özündə sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa”, kənd təsərrüfatı və rəqəmsallaşmanı əks etdirir.
Beş mərhələdən ibarət olacaq layihənin 3500 gənci əhatə edəcək birinci - "Başlanğıc" (Seed up) mərhələsində gənclər arasında sahibkarlıq fəaliyyəti haqqında məlumatlılığın artırılması planlaşdırılır. Bu mərhələdə gənclərə sahibkarlığın əhəmiyyəti barədə təlimlər keçiriləcək.
İki min gənci əhatə edəcək növbəti "Komanda" (Team up) mərhələsində gənclərin biznes ideyalarının formalaşdırılması üçün müxtəlif seminarlar, mentorluq sessiyaları və onlayn sessiyalar təşkil olunacaq.
Yüz komandanın seçiləcəyi üçüncü - "Sürət" (Accelerate up) mərhələsi inkubasiya öncəsi proqramla başlayır. Seçilmiş komandalar üçün bir həftəlik "bootcamp" keçirilir və sahibkarlıq üçün peşəkar seanslar təşkil edilir.
Dördüncü - “Yüksəliş” (Raise up) mərhələsinə inkubasiya proqramı ilə start veriləcək. Proqram gənclər və qadınlar üçün təlim, mentorluq, bazar məlumatlarının yayılması, şəbəkə qurma, texnologiya transferi və s. xidmətləri təqdim edir. Mərhələnin sonunda seçiləcək 30 komandaya Azərbaycanın tanınmış şirkətlərinin nümayəndələri tərəfindən mentorluq yardımı göstəriləcək.
Sonuncu - “Hədəf” (Target up) mərhələsi “Pre-pitching” və “Pitching”ə həsr ediləcək. Mentorlar təqdimat hazırlığında komandalarla sıx əlaqədə olacaq və onlara JEUNE-nin təmsilçiləri tərəfindən dəstək göstəriləcək. Nəticədə 20 komandadan 4-ü investisiya əldə edəcək.
Qeyd edək ki, “Coca-Cola” Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2018-2019-cu illərdə həyata keçirilən “Yeni nəsil 1.0” layihəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən 2000-dən artıq gənc qoşulub. Ümumilikdə 2012-ci ildən bu günədək Gənclər və İdman Nazirliyi və “Coca-Cola” Fondu tərəfindən dəstəklənən “Youth Inc.” Sahibkarlıq Proqramı 18 mindən çox gənci əhatə edib.